Bakıda Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin təşkilatçılığı ilə Xəzər dənizinin hidrometeorologiyası və çirklənməsinin monitorinqi üzrə Xəzəryanı ölkələrin Koordinasiya Komitəsinin 16-cı sessiyası (KASPKOM-16) başlayıb. APA-nın məlumatına görə, sessiyada Xəzəryanı ölkələrin hidrometeorologiya təşkilatlarının, Ümumdünya Meteorologiya Təşkilatının, BMT-nin Ətraf Mühit Proqramının, gəmiçilik və aviasiya təşkilatlarının nümayəndələri, Xəzər dənizi ərazisində fəaliyyət göstərən təsərrüfat subyektləri, alimlər və qeyri-hökumət təşkilatları iştirak edirlər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktor əvəzi Rza Mahmudov bildirib k, iki günlük sessiyada operativ dəniz hidrometeorologiya xidməti və dəniz hidrometeoroloji müşahidə şəbəkəsinin vəziyyəti, KASPKOM və Xəzər dənizinin ətraf mühitinin qorunması üzrə Çərçivə Konvensiyası arasında əməkdaşlıq məsələləri və gələcək planlar müzakirə ediləcək: “Son dövrlərdə qlobal iqlim dəyişmələri, Xəzərin hidrometeoroloji şəraitində baş verən dəyişmələr və dənizin çirklənmə məsələləri Xəzərətrafı ölkələr üçün həllini gözləyən problemə çevrilib. Bu baxımdan sessiyanın böyük əhəmiyyəti var”.
R. Mahmudov deyib ki, Xəzərin problemlərini, səviyyə, temperatur, külək rejimi və müxtəlif anomaliyaların qarşısını ancaq Xəzəryanı ölkələrin bircə səyi ilə almaq mümkündür. /APA/