Avropa Birliyinin İrana qarşı sanksiyaları Rəşt-Astara dəmir yolu xəttinin tikintisinə heç bir təsir göstərməyəcək. “APA-ECONOMICS”in “RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə “Rusiya Dəmir Yolları”nın prezidenti Vladimir Yakunin bildirib. “Biz İrandan neft almırıq və sanksiyaların tətbiqinin düzgün olub-olmadığını müzakirə etmək mənim səlahiyyətlərimə aid deyil. Bunun üçün siyasi müstəvi var” - deyə V.Yakunin qeyd edib.
Onun fikrincə, uzun illərdir yığılan siyasi və sivilizasiyalararası problemləri sanksiyalarla aradan qaldırmaq mümkün deyil.
Qeyd edək ki, yanvarın 23-də Avropa Birliyinə (AB) daxil olan ölkələrin xarici işlər nazirləri İranın nüvə proqramının maliyyə qaynaqlarını kəsmək məqsədilə bu ölkədən neft idxalına embarqo tətbiq olunması və İran Mərkəzi Bankının Avropadakı aktivlərinin dondurulması haqqında sənədi imzalayıb. Sənəd İrandan xam neft alışına dərhal qadağa qoyulmasını nəzərdə tutur. İndiyədək bağlanmış müqavilələr üzrə öhdəliklər isə 1 iyul 2012-ci ilədək yerinə yetirilməlidir.
Rəşt (İran) - Astara (Azərbaycan) dəmir yolu xəttinin tikintisi “Azərbaycan Dəmir Yolları”, “İran Dəmir Yolları” və “Rusiya Dəmir Yolları” tərəfindən həyata keçirilir. “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafı üçün böyük əhəmiyyət kəsb edən bu layihənin əmtəə bazarının 2015-ci ildə 25-26 mln. ton təşkil edəcəyi gözlənilir. /APA/