Rusiya ABŞ-ın Türkiyədə RLS yerləşdirmək planlarını etirazla qarşılayıb
Xəbərlər » Dünyada / (3-09-2011, 11:03)

Rusiya Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ın Türkiyədə radiolokasiya stansiyası (RLS) yerləşdirmək planları ilə bağlı narahatlığını bəyan edib. APA-nın xəbərinə görə, XİN-in rəsmi açıqlamasında bildirilir ki, NATO-nun Türkiyədə Raket Əleyhinə Müdafiə (RƏM) Sistemi yerləşdirməsi “Avropanın mümkün raket təhlükəsindən müdafiəsi işində” ABŞ-ın Rusiyanı bərabərhüquqlu tərəfdaş kimi qəbul etmək istəməməsi fonunda baş verir.
Rusiya XİN ABŞ və NATO-nu yeni RLS-in Rusiyanın strateji nüvə qüvvələrinə qarşı yönəlmədiyinə dair zəmanət verməyə, eləcə də Avropanın RƏM Sisteminin konsepsiyasını Rusiya-NATO Şurasında müzakirə etməyə çağırır.
Qeyd edək ki, ABŞ və Türkiyə arasında sonuncunun ərazisində “X-Band” RLS kompleksinin yerləşdirilməsinə dair razılıq əldə olunub. Yeni kompleks NATO-nun Avropa RƏM Sisteminə daxil olacaq və İran ərazisindən uzaq mənzilli raket buraxılması barədə xəbərdarlıq edə biləcək. Məlumatlar “Aegis” RƏM Sistemi ilə təchiz olunmuş ABŞ kreyserlərinə ötürüləcək. Analoji sistemlər artıq İsrail və Yaponiya ərazisində yerləşdirilib. NATO Avropa RƏM Sisteminin qurulmasını 2018-ci ilədək yekunlaşdırmağı planlaşdırır./APA/


AVCIYA.AZ