Fransa ATƏT-in Minsk qrupu həmsədrliyində mənəvi haqqını itirib, lakin hüquqi haqqını itirməyib. Trend-in məlumatına görə, bunu Milli Məclisin çərşənbə günü keçirilən iclasında çıxışı zamanı spiker Oqtay Əsədov deyib. "Biz Fransanın həmsədrlikdən uzaqlaşdırılmasının hüquqi formasını müəyyənləşdirməliyik. Bu, bizim istəyimizdən asılı məsələ deyil", - Əsədov bildirib. Deputat Zahid Oruc isə deyib ki, ATƏT-in Minsk qrupunun fəaliyyətini tənzimləyən hüquqi müstəvi yaradılmalıdır.

Tarix : 1-02-2012, 13:47

ABŞ kəşfiyyatını Dağlıq Qarabağdakı vəziyyət və Avrasiyada yeni qaynar nöqtələrin baş qaldırması mümkünlüyü narahat edir. Bu barədə ABŞ Milli Kəşfiyyatının direktoru Ceyms Klepperin ABŞ Konqresi Senatının profilli komitəsindəki dinləmələrə təqdim olunmuş məruzəsində deyilir. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS xəbər verir. Məruzədə deyilir ki, Qafqazdakı nizamlanmamış münaqişələr və Mərkəzi Asiya dövlətlərindəki qeyri-stabillik "Avrasiyada qaynar nöqtələrin" baş qaldırması ən çox ehtimal olunan səbəblərindədir.

Tarix : 1-02-2012, 11:52

İsveç Azərbaycanlıları Konqresi (İAK) fevralın 26-da Malmö şəhərində müasir tarixin ən qanlı hadisələrdən biri olan Xocalı soyqırımını 20-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü İAK-dan bildirilib. İAK-a üzv dərnəklərdən olan, Malmödə yerləşən "Xəzər" Azərbaycan-İsveç Dostluq Cəmiyyəti bu tədbirin yüksək səviyyədə keçirilməsi üçün geniş proqram hazırlayıb.

Tarix : 1-02-2012, 10:33

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri yanvarın 30-da Dağlıq Qarabağda saxlanılan azərbaycanlı hərbi əsirə baş çəkiblər. Bu barədə çərşənbə axşamı Trend-ə BQXK-nın Azərbaycan nümayəndəliyinin mətbuat katibi Şəhla Qəhrəmanova bildirib. O bildirib ki, əsirə bir "qızıl xaç" məktubu çatdırılıb, ondan isə bir "qızıl xaç" məktubu alınıb. Görüş barədə əsirin ailəsinə məlumat verilib. Azərbaycan Ordusunun kiçik çavuşu, 1990-cı il təvəllüdlü Axundzadə Məmmədbağır Talıb oğlu Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində, Tərtər rayonunun Yuxarı Çaylı kəndi yaxınlığında ermənilər tərəfindən əsir götürülüb.

Tarix : 31-01-2012, 17:52

İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının (İƏT Pİ) İndoneziyanın Palembanq şəhərində keçirilən 7-ci sessiyası öz işini başa çatdırıb. Trend-in məlumatına görə, İslam Konfransı Gənclər Forumunun baş katibi, səfir Elşad İskəndərov jurnalistlərə bildirib ki, "Azərbaycan Respublikasına qarşı Ermənistan Respublikasının təcavüzü" adlı ənənəvi olaraq qəbul edilən qətnaməyə İKGF-nin təşəbbüsü ilə xüsusi bir bənd əlavə edilib.

Tarix : 31-01-2012, 14:26

Dağlıq Qarabağ və ətrafındakı rayonların Ermənistan tərəfindən işğalına ən qısa müddətdə son qoymaq, azərbaycanlı qaçqınların rahatca evlərinə dönməsini təmin etmək üçün Ermənistana beynəlxalq təzyiqlər artırılmalıdır. Trend-in məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək İslam Əməkdaşlıq Təşkilatı Parlamentlər Birliyinin İndoneziyanın Palembanq şəhərində keçirilən konfransinda çıxışı zamanı bildirib.

Tarix : 31-01-2012, 13:50

Fransanın ATƏT-in Minsk qrupundan çıxmasını gözləmək lazımdır. Trend-in məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç bazar ertəsi jurnalistlərə bildirib. Səfir deyib ki, Fransanın bu məsələdə etimadsızlığı tamamilə ortalığa çıxdı. Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun tərkibində Fransanın qalması məsələsinə baxılacaq. "Bundan sonra Fransanın Minsk qrupundan çıxmasını gözləmək lazımdır. Təbii ki, artıq Azərbaycanda Fransaya qarşı etibarsızlığı nümayiş etdirən açıq şəkildə bəyanatlar səsləndirildi. Fransanın bundan dərs çıxarmasını gözləyirik", - o deyib.

Tarix : 30-01-2012, 18:16

Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 27-də saat 20/.35-dən 20.45-dək və 21.00-dan 21.20-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar və Muncuqlu kəndlərində yerləşən mövqelərimizi avtomat və pulemyotlardan atəşə tutublar.

Tarix : 28-01-2012, 11:02

“Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında təmsil olunan nümayəndə heyəti ilə çox yaxşı münasibətimiz var. Onlarla mütəmadi ünsiyyətimiz olur və hesab edirəm ki, insan hüquqları və demokratik islahatların aparılması sahəsində Azərbaycan rəsmləri ilə yaxşı əməkdaşlığımız olacaq. Buna çox böyük ümidim var”. Bunu APA-nın Avropa bürosuna açıqlamasında AŞPA sədri Jan-Klod Minyon deyib.

Tarix : 27-01-2012, 17:57

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Azərbaycanda saxlanılan ermənilərə - 3 hərbi əsirə və 5 mülki şəxsdən ibarət ailəyə baş çəkiblər. BQXK-nın Azərbaycan nümayəndəliyindən cümə axşamı Trend-ə verilən məlumata görə, başçəkmə zamanı saxlanılanlara 4 "Qızıl Xaç" məktubu çatdırılıb, onlardan isə 3 "Qızıl Xaç" məktubu və 3 ismarıc alınıb. Azərbaycanda hazırda 3 erməni hərbi əsir, bir ailənin 5 üzvü saxlanılır.

Tarix : 26-01-2012, 15:34

Fransa 1915-ci il hadisələrinə dair Senatda qəbul olunan qərara görə Dağlıq Qarabağ məsələsinin həlli prosesində artıq obyektiv və ədalətli vasitəçi ola bilməz. APA-nın müxbiri xəbər verir ki, bu barədə Vaşinqtondakı Sidar Global Advisors (SGA) analitik qrupunun növbəti xüsusi tədqiqat işində qeyd edilib. “Azərbaycan Fransa Senatında qəbul olunan qərarı pisləyir və bildirir ki, Fransa artıq Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində vasitəçilik edən Minsk Qrupunun həmsədrliyində qala bilməz.

Tarix : 26-01-2012, 15:16

ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Pedreyk Mörfi bu gün Azərbaycana gələcək. APA-nın diplomatik mənbələrə istinadən yaydığı məlumata görə, xüsusi nümayəndə bu gün və sabah Azərbaycan Xarici İşlər Nazirliyində, Müdafiə Nazirliyində görüşlər keçirəcək, “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin nümayəndələri ilə görüşəcək. Səfərin məqsədi regionda vəziyyətlə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesindəki son durumla tanış olmaqdır.

Tarix : 26-01-2012, 15:13
AVCIYA.AZ