Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4,6 mln. nəfərə çatıb
İqtisadiyyat / (24-09-2011, 11:04)

Bu ilin sentyabrın 1-i vəziyyətinə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4 596,6 min nəfər olub ki, onlardan 4 341,9 min nəfəri iqtisadiyyatın və sosial bölmənin müxtəlif sahələrində məşğul olub. Dövlət Statistika Komitəsindən «APA-ECONOMICS»ə verilən məlumata görə, 2011-ci ilin yanvar-iyul aylarında məşğul əhalinin tərkib hissəsi olan muzdla işləyənlərin siyahı sayı 1 370,2 min nəfər, orta siyahı sayı isə 1 355,8 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət bölməsində 854,5 min nəfər, qeyri-dövlət bölməsində isə 501,3 min nəfər təşkil etmişdir. Bununla yanaşı, iqtisadiyyatın neft sektorunda 36,5 min nəfər, qeyri-neft sektorunda isə 1 319,3 min nəfər çalışıb. Muzdla işləyənlərin tərkibində qeyri-kənd təsərrüfatı sahəsində əmək fəaliyyəti ilə məşğul olanlar 1 316,6 min nəfər təşkil edib.
«Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 20,5%-i məhsul istehsalı sahələrində, onlardan 2,6%-i mədənçıxarma sənayesində, 5,7%-i emal sənayesində, 2,2%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində, 1,6%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində, 5,5%-i tikintidə, 2,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində məşğul olub. Xidmət sahəsində çalışanların 25,5%-i təhsil, 19,8%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 10,1%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 4,7%-i nəqliyyat və anbar təsərrüfatı, 4,1%-i istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 4%-i dövlət idarəetməsi və müdafiə, sosial təminat, 3,2%-i peşə, elmi və texniki fəaliyyət, 1,8%-i informasiya və rabitə, 1,6%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,6%-i maliyyə və sığorta fəaliyyəti, 1,3%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,1%-i digər sahələrdə xidmətlərin göstərilməsi və 0,7%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində cəmlənib», - deyə Komitədən bildirilib.
Cari il sentyabrın 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 39,9 min nəfər olub ki, onların 42,8%-ni qadınlar təşkil edib. Hər bir boş iş yerinə (vakansiyaya) işsiz statusuna malik olanların 3 nəfəri düşüb. İşsizliyə görə müavinətin orta məbləği 177 manat olub./APA/


AVCIYA.AZ