"NATO Azərbaycan nümayəndə heyətinin Əfqanıstana getməsi üçün hər cür yardım göstərdi"
Xəbərlər » Ölkədə / (8-07-2011, 12:59)

"NATO Azərbaycan nümayəndə heyətinin Əfqanıstana getməsi üçün bütün yardımı göstərdi". Bunu APA-nın sualına cavab olaraq Azərbaycanın NATO yanında Daimi Nümayəndəliyinin rəhbəri Xəzər İbrahim deyib. X. İbrahim Əfqanıstanda qəzaya uğrayan Azərbaycan təyyarəsi ilə bağlı araşdırma aparacaq heyətin həmin ölkəyə getməsi üçün NATO-ya müraciət etdiklərini və bu müraciətə müsbət cavab verildiyini açıqlayıb.
Qeyd edək ki, Azərbaycanın "Silk Way" aviasiya şirkətinə məxsus İL-76 4K-AZ 55 təyyarəsi 6 iyul 2011-ci il tarixində gecə saat 00:10 (Bakı vaxtı ilə 02:10) radələrində Baqram hava limanı yaxınlığında enməyə hazırlaşarkən təyyarə ilə rabitə ani olaraq kəsilib və radarlarda görüntüsü itib. Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının yaydığı açıqlamaya görə, hava gəmisinin havada naməlum obyektlə toqquşması ehtimal olunur. "Taliban” hərəkatının nümayəndəsi Zəbibulla Mücahid isə Əfqanıstan KİV-nə açıqlamasında Azərbaycana məxsus təyyarənin "Taliban" tərəfindən vurulduğunu bildirib.
Bakı-Baqram marşrutu ilə uçuşu yerinə yetirən göstərilən təyyarə göyərtəsində cəmi 18 ton yüklə 5 iyul 2011-ci il tarixində yerli vaxtla saat 21:26-da Bakının Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxıb. Baqrama uçuşdan qabaq həmin gün təyyarə Küveyt-Bakı marşrutu üzrə uçuş yerinə yetirib və hər hansı nasazlıq qeydə alınmayıb.
Yük qaldırma imkanı 40 ton olan İl-76 4K-AZ 55 təyyarəsi 2005-ci ildə istehsal olunub və sonuncu dəfə 2011-ci ilin fevral ayında tam texniki baxışdan, iyun ayında isə növbəti baxışdan keçib. Təyyarənin göyərtəsində olan 9 ekipaj üzvünün hamısı həlak olub. Onlardan beşi Azərbaycan, dördü Özbəkistan vətəndaşıdır.
  /APA/


AVCIYA.AZ