Bu il yanvarın 1-nə olan statistikaya əsasən, ötən ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 9,2% artıb. DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, 2011-ci il ərzində DSMF tərəfindən əlavə olaraq 166 402 sığortaolunana sosial sığorta nömrəsi verilib və onlar üçün fərdi hesab açılıb. Nəticədə Azərbaycanda fərdi şəxsi hesaba malik sığortaolunanların sayı 1 966 854 nəfərə yüksəlib. DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 56%-i kişi, 44%-i isə qadındır.
Fərdi şəxsi hesabı olanlar arasında 40-50 yaş aralığında sığortaolunanlar ümumi sığortaolunanların 479 591 nəfərini əhatə edir. Bundan başqa, fərdi uçot sistemində 30 yaşa kimi sığortaolunan vətəndaşlar 417 008 nəfər, 30-40 yaşa kimi sığortaolunanlar 450 595 nəfər, 50-60 yaşa kimi sığortaolunanlar 422 966 nəfər, 60 yaşdan yuxarı olan sığortaolunanlar isə 196 694 nəfərdir.
Qeyd edək ki, fərdi uçot - Azərbaycan qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2006-cı il 01 yanvar tarixdən tətbiq olunan “Əmək pensiyaları haqqında” qanuna əsasən, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır. /APA/