“Bələdiyyələrin qarşılaşdıqları əsas problemlər maliyyə vəsaitlərini toplaya bilməmələri ilə əlaqədardır. Məsələn, torpaq sahəsinin verilməsi ilə bağlı sənədlər təqdim edilmədiyi üçün bələdiyyələr mülkiyyətlərindəki torpaqlardan əmlak və torpaq vergisini toplaya bilmirlər”. APA-nın xəbərinə görə, bu sözləri Milli Məclisin Regional məsələlər komitəsinin iclasında Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə deyib. O bildirib ki, bu günədək 1730 bələdiyyənin 30%-nə torpaqların dövlət aktı verilməyib: “Digər bir məsələ isə Bakı şəhəri üzrə torpaq hərracının keçirilməməsidir. Belə bir hərrac yalnız bir dəfə - Xəzər rayonunda keçirilib”.
M. Səlimzadə fevralın 24-də MM-də Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin hesabatının dinlənəcəyini söyləyib. /APA/