"Eurovision-2012" müsabiqəsi ərəfəsində Azərbaycanın naviqasiya xəritəsi təqdim olunacaq
İqtisadiyyat / (24-08-2011, 10:16)

"Eurovision-2012" müsabiqəsi ərəfəsində "Nokia" şirkəti smartfon istifadəçiləri üçün Azərbaycanın naviqasiya xəritəsini təqdim edəcək. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən "APA-ECONOMICS"ə verilən məlumata görə, söhbət "Nokia Maps" marşrutlarını planlaşdırmaq və xəritələrlə işləmək üçün lazım olan proqram təminatından gedir ki, artıq sentyabr ayında proqram testdən keçiriləcək. Azərbaycan üzrə naviqasiya servisinin 2012-ci ilin yanvar ayında təqdim ediləcəyi gözlənilir və həmin vaxtdan etibarən proqramı "Nokia Store" mağazasında yükləmək mümkün olacaq.
Qeyd edək ki, Azərbaycanın naviqasiya xəritəsində magistral yollar və yaşayış məntəqələri göstərilib. Bununla yanaşı, "Nokia Maps" proqramı marşrutların çəkilməsi funksiyasını da daxil edir. "Nokia Maps" kartoqrafiya servisi pulsuz təqdim olunur. Bu servis şəhərlərin xəritələrini və sxemlərini yükləmək və xəritədə nöqtə kimi qeyd oluna bilən müxtəlif yerlər haqqında məlumatın saxlanması və ötürülməsi üçün istifadə olunur. Xəritələrlə işləmək və marşrutları hesablamaq üçün funksiyalar pulsuz təqdim olunur.
Şəbəkə operatoru məlumatın ötürülməsi üçün ödəmə tələb edə bilər. İstifadəçi əlavə pul ödəməklə sorğu kitabçası və genişləndirilmiş naviqasiya funksiyalarını əldə edir. «Nokia Maps»ın genişləndirilmiş GPS naviqasiya funksiyaları səs təlimatı ilə təmin olunub./APA/


AVCIYA.AZ