Azərbaycandan Ukraynaya yeni aviareys açılıb
İqtisadiyyat / (4-07-2011, 15:05)

İvano-Frankovsk – Bakı marşrutu üzrə birbaşa sərnişin aviareysi istifadəyə verilib. Bu barədə "APA-ECONOMICS"ə sözügedən aviareysi yerinə yetirən Ukraynanın «Aerosvit» şirkətinin Bakıdakı ofisindən məlumat verilib. «İvano-Frankovsk – Bakı marşrutu üzrə uçuşlara bu gündən etibarən başlanılıb. Uçuşlar hər həftənin I günləri İvano-Frankovskdan yerli vaxtla saat 09:00-da, Bakıdan isə saat 15:50-də yerinə yetiriləcək», - deyə şirkətdən bildirilib.
Sözügedən marşrut üzrə hər iki istiqamətdə aviabiletin minimal qiyməti 420 manat təşkil edir. Uçuşlar «Boeing» tipli avialaynerlə həyata keçirilir.
Qeyd edək ki, hazırda Azərbaycanla Ukrayna arasında Bakı-Kiyev, Bakı-Donetsk və Bakı-Simferopol marşrutları üzrə də aviareyslər yerinə yetirilir. İyulun 6-da isə Bakı-Odessa aviareysinin istismara verilməsi planlaşdırılır. /APA/


AVCIYA.AZ