BMT-nin baş katibi Beynəlxalq Qadınlara qarşı Zorakılığın Aradan Qaldırılması Günü münasibəti ilə müraciət edib
Xəbərlər » Dünyada / (23-11-2011, 14:34)

BMT-nin baş katibi Pan Gi Mun 25 noyabr Beynəlxalq Qadınlara qarşı Zorakılığın Aradan Qaldırılması Günü münasibəti ilə müraciət edib. BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya daxil olan müraciətdə qeyd olunub ki, dünyada qadınlara və qızlara qarşı zorakılıq bir çox fərqli formalarda təzahür edir və yer kürəsinin hər yerində geniş yayılıb: “Zorlama, məişət zorakılığı, iş yerində narahatçılıq, məktəbdə təhqir, qadın sünnəti və silahlı münaqişə zamanı zorakılıq halları buna misal ola bilər. Zorakılıq əsasən kişilər tərəfindən edilir. İstər inkişaf etmiş, istərsə də inkişaf etməkdə olan ölkələrdə bu cür zorakılıq hallarının baş verməsi hər birimizi dərindən sarsıdır. Zorakılıq – və bir çox hallarda təkcə zorakılıq təhlükəsi – qadınların tam bərabərliyinə əngəl olan ən əsas çətinliklərdən biridir”.
Bildirilib ki, qadınların və qızların zorakılıqdan azad yaşamaq hüquqları fundamental hüquqlarındandır və heç bir halda onlardan alına bilməz. Bu hüquq beynəlxalq insan hüquqları və humanitar qanun ilə mühafizə olunur və Qadınlara qarşı zorakılığa son qoymaq üçün “BİRLƏŞ” kampaniyasının əsasıdır. 2008-ci ildə başlayan kampaniya bütün dünyada hökumətlər, vətəndaş cəmiyyəti, korporativ sektor, idmançı, sənətçi, qadınlar, kişilər və cavan insanları biganə qalmamağa çağırır. “Yox de-BİRLƏŞ” sosial səfərbərlik platforması dünyanın hər tərəfində etiraz nümayişlərindən tutmuş ictimai məlumatlandırma kampaniyalarına qədər, qanunverici təbliğatdan tutmuş, qurbanlara yardıma qədər 2 milyondan artıq fəaliyyət qeydə alıb.
Bu tədbirlərin çoxu Qadınlara Qarşı Zorakılığa Son Qoymaq üçün BMT-nin Etimad Fondundan dəstək alıb. 15 il bundan əvvəl yarandığı müddətdən bu günə kimi Fond 126 ölkə və ərazidə 339 təşəbbüsə 77 milyon dollar məbləğində qrant ayırıb.
Biz Fondun bundan da çox işlər görməsini istəyərdik, lakin ölkələrin dəstəyə olan davamlı ehtiyacı ehtiyatlarımızı üstələyir. Təkcə bu il fond 1,2 milyarddan çox vəsait tələb edən 2500-dən çox müraciət qəbul edib.
Baş katib Beynəlxalq Gündə bütün hökumətləri və tərəfdaşları gənclərin enerji, ideya və təşəbbüslərini zorakılıq pandemiyasına son qoymaq üçün istifadə etməyə çağırıb: “Yalnız bu təqdirdə biz daha ədalətli, dinc və bərabər dünya qura bilərik”. /APA/


AVCIYA.AZ