APA-nın Vaşinqton müxbirinin Nyu-Yorkdan verdiyi məlumata görə, qətnamədə deyilir ki, “Qanlı Yanvar” faciəsi Kommunist Partiyasının irticaçı qüvvələr tərəfindən törədilmiş ən böyük kütləvi cəzadır. Qətnamədə qeyd olunur ki, 1990-cı il yanvarın 20-də Azərbaycan paytaxtına 26 minlik sovet qoşunu yeridilib: “Azərbaycanlıların cəsarətli müqaviməti fevrala qədər davam edib. Yanvar hadisələri zamanı 130 azərbaycanlı öldürülüb, 5 nəfər itkin düşüb, 611 nəfər yaralanıb, 841 nəfər həbs olunub. Azərbaycanda sovet qoşunlarının hücumundan əvvəl digər sovet respublikalarında, o cümlədən Qazaxıstanda (1986), Gürcüstanda (1989) da qırğınlar törədilib, bir il sonra isə bu hadisələr Litvada təkrarlanıb. Bakıya hücum vəhşilik idi, lakin bu hadisələr həm də bütün ölkədə müstəqillik uğrunda hərəkatların güclənməsinə səbəb oldu və azərbaycanlıları azadlıq uğrunda mübarizədə birləşdirdi”.
Senatdakı qətnamənin təşəbbüskarı olan ABŞ Azərbaycanlıları Şəbəkəsi (USAN) bu prosesə verdiyi dəstəyə görə öz üzvlərinə təşəkkür edib.
Bu, ABŞ-da USAN-nın təşəbbüsü ilə qəbul olunan yeddinci qətnamədir. Bundan əvvəl Xocalı qətliamı, azərbaycanlılara qarşı soyqırımı və s. hadisələrlə bağlı qətnamələr qəbul edilib./APA/