Azərbaycanda Ramazan bayramı ilə əlaqədar əfv gözlənilmir
Xəbərlər » Ölkədə / (23-08-2011, 17:05)

Azərbaycan Əfv Komissiyasının Ramazan bayramı ilə əlaqədar əfvlə bağlı müraciət etməsi gözlənilmir. Bu barədə Trend-ə çərşənbə axşamı Komissiyasının üzvü, deputat Elmira Axundova bildirib. O bildirib ki, hazırda daxil olan ərizələr üzərində iş aparılır və hələlik Komissiyanın iclasının keçirilməsi üçün kifayət qədər ərizə daxil olmayıb. "Mən gündə iki-üç ərizə alıram, əfv sektoru ilə əlaqə saxlayıram. Görüşlərdə insanlara məsləhətlər verirəm, hansı sənədlərin yığılmasına ehtiyac olduğunu izah edirəm. Bu iş həm mənim, həm də digər Komissiya üzvləri tərəfindən il boyu aparılır", - Axundova qeyd edib.

Millət vəkili deyib ki, hazırda proses davam etdirilir və Ramazan bayramına görə əfv verilməsi gözlənilmir.

"Baxılmağa hazır işlər o qədər çox deyil və növbəti əfv payızda reallaşa bilər", - o bildirib.

Komissiya üzvü eyni zamanda qeyd edib ki, əfv vermək Azərbaycan Prezidentinin səlahiyyətindədir və o, fərdi qaydada istənilən vaxt əfvlə bağlı qərar verə bilər.

Sonuncu əfv sərəncamı mayın 26-da imzalanıb. /Trend/


AVCIYA.AZ