Bu ilin may ayının 4-də təsdiq edilmiş «2011-2012-ci illərdə Bakı şəhərinin və ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı» çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən investisiya layihələrinin icrası üçün 174 sahibkara 30 mln. manat həcmində güzəştli kredit verilib. «APA-ECONOMICS»in məlumatına görə, bunu SKMF-in icraçı direktoru Şirzad Abdullayev bildirib.
Onun sözlərinə görə, bu ilin sonunadək proqram çərçivəsində daha 5 mln. manatın ayrılması nəzərdə tutulub.
Ş.Abdullayev bildirib ki, əgər 2010-cu ildə Bakı və ətraf qəsəbələr üçün investisiya layihələri üzrə ayrılan kreditin xüsusi çəkisi 0,5% təşkil edirdisə, indi bu göstərici 26%-ə çatıb: «Ölkə üzrə sahibkarlara 125 mln. manat həcmində güzəştli kreditin verilməsi nəzərdə tutulmuşdusa, 13 mln. manat fonda qaytarılan əlavə vəsaitin hesabına bu il veriləcək kreditlərin həcminin 138 mln. manat olacağı gözlənilir. Bundan öncə geri qaytarılan vəsaitlərin həcminin 91 mln. manat olacağı gözlənilirdi. Lakin bu göstərici 104 mln. manat olub».
Ş.Abdullayev qeyd edib ki, 2012-ci ildə sahibkarlara 200 mln. manatadək güzəştli kreditlərin veriləcəyi gözlənilir. /APA/