BMT Baş Assambleyasında Təhlükəsizlik Şurasının 5 yeni qeyri-daimi üzvünün seçkiləri keçirilir. Artıq Pakistan, Mərakeş, Qvatemala və Toqo Şuraya seçiliblər. Onlar 2012-ci il yanvarın 1-də bu strukturda fəaliyyətlərinə başlayacaqlar. Pakistan, Mərakeş, Qvatemala səsvermənin ilk turunda, Toqo üçüncü turda seçiliblər. Şərqi Avropaya aid yer uğrunda mübarizəyə Azərbaycan, Sloveniya və Macarıstan qoşulublar. Macarıstan birinci turda bu ölkələr arasında ən az səs toplayaraq mübarizəni dayandırıb. Dördüncü və beşinci turlarda səslər təxminən yarı bölünüb: Azərbaycan – 93, Sloveniya – 98. Altıncı turda Azərbaycan 96 səs alaraq irəli çıxıb. Sloveniya bu turda 95 səs alıb. Yeddinci tur Azərbaycanın üstünlüyünü möhkəmlədib - 100 səs. Sloveniya 91 səs alıb. Səsvermə davam edir.
Xatırladaq ki, Azərbaycan əvvəllər heç vaxt Təhlükəsizlik Şurasının üzvü olmayıb. Sloveniya 1998-1999-cu illərdə BMT TŞ-nın qeyri-daimi üzvü olub. /APA/