BMT-nin xüsusi nümayəndəsi İranda hüquq pozuntularının dramatik şəkildə artdığını bildirib
Xəbərlər » Dünyada / (21-10-2011, 10:48)

BMT-nin xüsusi nümayəndəsi açıqladığı son hesabatda İranda edam hallarının dramatik şəkildə artdığı və ölkədə insan haqlarının pozulduğu deyilir. APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görəə, xüsusi nümayəndə Əhməd Şahidin dediyinə görə, bu il İranda 200-dən çox edam haqda rəsmi açıqlama verilib. Əhməd Şahid eləcə də İran rəsmilərini 2010-cu ildə Vəkilabad həbsxanasında 300-dən çox insanı gizli edam etməkdə ittiham edib.
Şahid siyasi məhbusların uzun müddət həbsdə saxlandığını və ölkədəki etnik və dini azlıqların təqiblərə məruz qaldıqlarını deyib. O, İslam Respublikasının dustaqlarla davranışında qəddarlığın sistematik xarakter aldığını, verilən cəzaların cinayətlərə uyğun gəlmədiyini bildirib.
İranın ədliyyə naziri Ayətulla Sadiq Laricani Əhməd Şahidin hesabatının “yalanla dolu” olduğunu və siyasi dissidentlərin İran haqda mövqeyini əks etdirdiyini deyib.
Ağ Evin nümayəndəsi Mark Toner isə deyib ki, xüsusi nümayəndənin hazırladığı hesabata əsasən İran öz vətəndaşlarını qəddarca təzyiqlərə məruz qoymağa davam edir. /APA/


AVCIYA.AZ